“Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi yaradıldı
Ölkəmizdə birliyimizin yaranmasını şərtləndirən bir sıra faktorlar mövcuddur. Daxili bazarda piratçılıqla mübarizə, müxtəlif informasiya platformalarında kitab təbliğinin olmaması, respublikanı əhatə edən vahid kitab satış şəbəkəsinin mövcud olmaması, bölgələrdə yaşayan oxucularla nəşriyyatlar arasında qopuqluq, müstəqil kitab mağazalarının azlığı, kitab sərgiləri və satış yarmarkalarının paytaxt və bölgələrdə vaxtlı-vaxtında təşkil olunmaması, yerli müəlliflərin dünya kitab bazarına çıxmasında yaşanan çətinliklər, tərcümə, redaktə və korrektə sahəsində birgə fəaliyyətin olmaması və s. məsələlər nəşriyyatların birgə fəaliyyətini zəruri etməkdədir. Azərbaycanda kitab sektorunun dünya standartlarına cavab verən səviyyəyə çatması, yazıçı-naşir-kitab satış şəbəkəsi və oxucu münasibətlərində ardıcıllığa nail olunması, ümumilikdə nəşriyyatçılıq etikasının formalaşması, müəlliflik hüququ məsələləri, habelə beynəlxalq kitab şəbəkəsinə qoşulmaq üçün yerli nəşriyyatların birlikdə fəaliyyət göstərməsinə ehtiyac yaratmışdır. Bu məqsədlə Azərbaycanda fəaliyyət göstərən bir qrup nəşriyyat sahibi “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) yaradılması ilə bağlı təsis toplantısını keçirmişdir. İdarə Heyətinin yekdil qərarı ilə 18 yanvar 2021-ci il tarixli iclasda “Hədəf” Qrupun baş direktoru Şəmil Sadiq ANAİB-in sədri, Parlaq İmzalar nəşriyyatının direktoru Nurman Tariq isə sədrin müavini seçilmişdir. test