Azərbaycan Naşirlərinin I Forumunun proqramı açıqlandı
Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), AMEA, Mədəniyyət Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə keçiriləcək Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum olub. Anaib.az xəbər verir ki, Azərbaycanın müstəqillik dövründə inkişaf edən özəl nəşriyyat sektorunun bir növ hesabatlığına, ümumi problemlərin həlli ilə bağlı təkliflərin formalaşmasına, yeni layihələrin hazırlanması üçün şəbəkələşmənin təmin olunmasına töhvə verəcək Azərbaycan Naşirlərinin I Forumu aprelin 26-da AMEA-da təşkil ediləcək. Forumun açılış mərasimində ANAİB idarə heyətinin sədri Şəmil Sadiq, Türkiyə Mətbəə və Nəşriyyatlar Birliyinin rəhbəri Mustafa Karagüllüoğlu eləcə də ölkənin mədəni ictimaiyyətinin tanınmış simaları çıxış edəcəklər. Forumda nəşriyyat məhsulları və strategiyalarının sərgisindən, nəşriyyat problemlərinə kompleks yanaşma təmin edən panellər təşkil olunacaq.5 paneldə ümumilikdə 15 spikerin çıxışı nəzərdə tutulan, xarici mütəxəssislərin də cəlb olunacağı layihə yerli nəşriyyat sektorunun real problemlərinə işıq tutmaq, eləcə də beynəlxalq təcrübədən yararlanmaq məqsədi daşıyır.İlk panel “Nəşriyyat menecmentliyi və kitab marketinqi” mövzusunda olacaq. Panelin moderatoru “Parlaq İmzalar” nəşriyyatının direktoru Nurman Tariq, spikerləri D&R-ın e-ticarət satış direktoru Özgür Topyıldız, Türkiyə Mətbəə və Nəşriyyatlar Birliyinin rəhbəri Mustafa Karagüllüoğludur. İkinci panel “Redaktə və tərcümə problemləri”nə həsr olunub. Panelin moderatoru “Altun Kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov, spikerləri Şərq-Qərb nəşriyyatının baş redaktoru Nərgiz Cabbarlı, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğludur. Üçüncü panelin mövzusu “Müəllif hüquqları və beynəlxalq əməkdaşlıqlar”dır. Panelin moderatoru “Qədim Qala” nəşriyyatının xarici əlaqələr departamentinin rəhbəri Elnarə Əli, spikerləri “İntrotema” Müəllif Hüquqları Agentliyinin rəhbəri Məhəmməd Ağırakça, “Yazar ol”un təsisçisi Ramil Əhməddir. Dördüncü panelin mövzusu “Tərtibat, dizayn və qrafika”dır. Panelin moderatoru MİMTA Yayımlarının direktoru Əsəd Aslanoğlu, spikerləri “Erdem Yayınları”nın baş dizayneri Aişə Adaş, “Parlaq İmzalar” nəşriyyatının art-direktoru Ramin Həsənəlizadədir. Sonuncu – beşinci panelin mövzusu “Uşaq nəşrləri və yeni yanaşmalar”dır. Panelin moderatoru “Ağıllı Bala” nəşriyyatının direktoru Fatimə Alxaz, spikerləri “Erdem Yayınları”nın rəhbəri Məlikə Günyüz, “Libra Kitab” nəşriyyatının direktoru Veysəl Məmmədovdur.Qeyd edək ki, forum 09:00-dan 18:00-dək davam edəcək. Tədbirdə iştirak etmək üçün https://publishersforum.az/ linki vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Azərbaycan Naşirlərinin I Forumu çərçivəsində “Oxu Günü-10” sərgi-festivalı baş tutacaq. Bu il “Oxu Günü-10” layihəsi “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi, AMEA, Təhsilin İnkişafı Fondu, Yunus Əmrə İnstitutu və “Hədəf Nəşrləri”nin birgə təşkilatçılığı ilə AMEA parkında keçiriləcək.27 – 28 aprel tarixlərində baş tutacaq sərgi-festival otuza yaxın nəşriyyat, ondan çox kitab mağazası, onlarla ədib, ziyalı, incəsənət və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçiriləcək.Sərgi-festivalda Sultan Rayev, Varis, Rüstəm Behrudi, Elxan Elatlı, İlqar Kamil, İlham Tumas, Elay, Tamerlan İsmayılzadə, Aynur Cavid, Ramil Əhməd, Məsudə Cabbar, Erix Qauzer, Fidan Cəfərzadə və başqa tanınmış yazıçıların təqdimat və imza mərasimləri olacaq. Bundan başqa, Çinarə Məlikzadə, Röyal Musa, eləcə də digər gənc ifaçılar festivala rəng qatacaqlar. Əlavə məlumat üçün bildirək ki, III və IV “Kitabqurdu” Oxu Marafonunun müəllifləri – Şəmil Sadiq, Amin Sükut, Sevinc Elsevər, Elgüsel, Zahid Xəlil, Xəyalə Murad, Rövşən Abdullaoğlu, Rafiq İsmayılov, Fatimə Alxaz, Rəşad Bayramov və Gülüş Xəlilova da festivalda iştirak edəcəklər. “Oxu Günü” 2015-ci ildə “Hədəf Nəşrləri” MMC tərəfindən təsis edilib. Layihənin məqsədi ölkədə kitabçılığı inkişaf etdirmək, gənclərin intellektual mühitə adaptasiyasını aktual saxlamaq, oxucu-yazıçı görüşlərini stimullaşdırmaq, endirimli kitablar təqdim etmək və bununla kitabın əhəmiyyətini cəmiyyətə aşılamaqdan ibarətdir.“Oxu Günü” sərgi-festivalı 2015-ci ildə Binəqədi rayonunda yerləşən Heydər Əliyev adına parkda, 2016-cı ildə Nəsimi rayonu ərazisindəki Zorge parkında, 2017 – 2023-cu illərdə isə Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzi, “Hədəf Nəşrləri”, Elm və Təhsil və Mədəniyyət nazirliklərinin təşkilatçılığı ilə keçirilib.Elm və təhsil nazirinin 4 mart 2019-cu il tarixli qərarına əsasən hər il aprelin 23-də Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə bütün ölkə ərazisində ümumtəhsil məktəblərinin iştirakı təmin olunmaqla kütləvi “Oxu Günü” tədbiri keçirilir.Layihə “Gəlin birgə oxuyaq!” devizi altında təşkil olunur.