Xəbərlər IV Kitabqurdu Müəllimlərin Oxu Marafonunun qalibləri mükafatlandırıldılar - Fotolar
ETİKETLƏR
DİGƏR xəbərlər

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonunun qalibləri mükafatlandırıldılar - Fotolar

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonunun qalibləri mükafatlandırıldılar - Fotolar

Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyi (ANAİB), Təhsilin İnkişafı Fondu (TİF) və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) birgə təşkilatçılığı ilə təşkil olunan IV Kitabqurdu Müəllimlərin Oxu Marafonunun final oyunu və mükafatlandırma mərasimi keçirilib. 

ANAİB xəbər verir ki, yekun mərhələ imtahan əsasında seçilmiş 10 nəfər arasında keçirilib. 30 suala cavab verən iştirakçılar arasından toplanan ballara müvafiq olaraq qaliblər müəyyənləşib. 

Birinci yeri Aynurə Şərifova, ikinci yeri Vüsalə Məmmədova, üçüncü yeri isə Nigar Piriyeva qazanıb. 

Əvvəlcədən elan olunmuş mükafat fonduna əsasən birinci yerin sahibi 1000, ikinci yerin sahibi 600, üçüncü yerin sahibi isə 400 manat məbləğində mükafat əldə edib. 

Bundan başqa, final mərhələsinin iştirakçılarına müxtəlif hədiyyələr, diplom və sertifikatlar təqdim olunub. 

Mərasimdə çıxış edən ANAİB sədri Şəmil Sadiq, layihə rəhbəri, “XAN Nəşriyyatı”nın direktoru Səbuhi Şahmursoy, AGMA-nın mətbuat katibi Fidan Quluzadə, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov, “Libra”, “Qədim Qala”, “Parlaq İmzalar”, “AlfaCin” nəşriyyatlarının direktorları – Veysəl Məmmədov, Şöhlət İxtiyaroğlu, Nurman Tariq, Mübariz Həsənov, AYB-nin mətbuat katibi Xəyal Rza, “İnci Group of Companies” QSC-nin müşahidə şurası sədri Mikayıl Yusifov, eləcə də marafonda iştirak edən kitabların müəllifləri Rafiq İsmayılov, Rövşən Abdullaoğlu, marafonun məqsədindən, Azərbaycan kitabçılığı, naşirləri və oxucuları üçün önəmindən danışıb, belə tədbirlərin ənənəyə çevrilməsinin vacibliyindən söz açıblar. 

Tədbirdə Təhsilin İnkişafı Fondunun idarə heyəti sədrinin müavini Xanım Daşdəmirova, pedaqoji elmlər doktoru Hikmət Əlizadə, Tusi Tərtibat Mərkəzinin direktoru Əli İbrahimbəyli, tarixçi Amil Həsənov, “Təhsil forumu” platformasının rəhbəri Emil Tağızadə, o cümlədən hər üç təşkilatçı qurumun nümayəndələri, naşirlər, ədəbiyyat, təhsil və media nümayəndələri iştirak ediblər. 

Qeyd edək ki, oxu müddəti 15 aprel 2024-cü il tarixindən başlanan marafonda ANAİB-ə üzv nəşriyyatlara məxsus 6 kitab seçilib:

Şəmil Sadiq – “İnsan mühəndisi”

Nəşriyyat: “Hədəf Nəşrləri”

Nihat Büyükbaş – “Türk təhsili”

Nəşriyyat: “XAN Nəşriyyatı”

Rafiq İsmayılov – “Düzgün yazaq”

Nəşriyyat: “Altun Kitab”

Rəşad Bayramov – “Sözünə güvən” 

Nəşriyyat: “Parlaq İmzalar” 

Gülüş Xəlilova – “Günəşə baxmaq”

Nəşriyyat: “Libra Kitab”

Rövşən Abdullaoğlu – “Üzləşmə”

Nəşriyyat: “Qədim Qala”

Marafonun əsas şərtlərindən biri aktiv müəllimlik fəaliyyəti olan şəxslər arasında keçirilməsidir. İştirakçılar müəyyən edilmiş müddət ərzində seçilmiş 6 kitabı oxuyub və imtahan vasitəsilə finala vəsiqə qazanıblar.

Əlavə məlumat üçün bildirək ki, ANAİB-in əsas təşkilatçılığı ilə 12 – 16 yaşlı məktəblilər üçün I Kitabqurdu Yay Oxu Marafonu, 16 yaşdan yuxarı oxucular üçün II Kitabqurdu Payız Oxu Marafonu, 6 – 10 yaşlı məktəblilər üçün III Kitabqurdu Yaz Oxu Marafonu keçirilib. 

Sentyabrın 1-dən başlanan daha bir marafon isə V Kitabqurdu Məhkum Qadınların Oxu Marafonu adlanır və yalnız 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən qadınların iştirakı ilə həyata keçirilir.

Bizimlə Whatsapp ilə əlaqə saxlayın
Salam, Sizə necə kömək edə bilərik?
whatsappa keçid etmək üçün klikləyin...