KİTAB SƏNAYESİNİN İNKİŞAFI İLƏ BAĞLI TƏKLİFLƏR PAKETİ AÇIQLANDI
Xəbər verdiyimiz kimi, fevralın 23-də “Azərbaycan Nəşriyyatlar Assosiasiyası” İctimai Birliyinin (ANAİB) idarə heyəti sədri Şəmil Sadiq mədəniyyət nazirinin birinci müavini Adil Kərimli ilə görüşüb. Tərəflər sektorun inkişafı və problemlərin həlli istiqamətində təkliflər paketi ətrafında müzakirələr aparıblar. İdarə heyətinin sədri qeyd edib ki, rəhbəri olduğu kitab sənayesinin inkişafını prioritet kimi müəyyənləşdirmiş Assosiasiya formalaşdığı ilk günlərdən mövcud problemlər barədə Mədəniyyət Nazirliyinə müraciət ünvanlayıb.Adil Kərimli öz növbəsində kitab sənayesinin problemlərindən xəbərdar olduğunu, gələcəkdə bu sahədə müsbət addımların atılması üçün sıx əməkdaşlıq ediləcəyini bildirib.ANAİB sözügedən təkliflər paketini oxuculara təqdim edir:ANAİB-in Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınmasıHazırda ölkənin ən aktiv 24 nəşriyyatı ANAİB-ə üzvdür və 2 ildir, genişmiqyaslı fəaliyət göstərir. Üzvlərimiz: “Ağıllı bala”, “Alatoran”, “Altun kitab”, “Audiokitab”, “Bookzone”, “Çapar”, “Çinar”, “Dəyər”, “Everest”, “Güvən”, “Hədəf”, “İpəkyolu”, “Libra”, MİMTA, “Parlaq imzalar”, “Təhsil”, XAN, “Qələm”, “Qədim qala”, “TEAS Press”, “Şərq-Qərb”, “İzə”, RM nəşriyyatlarıdır. Buna baxmayaraq, iki ildən çoxdur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmayıb. Bu da ANAİB-in ictimai birlik kimi ciddi problemlər yaradır.Azərbaycan Nəşriyyatlarının I Qurultayının keçirilməsiAzərbaycan Nəşriyyatlarının ümumi qurultayı indiyə qədər keçirilməyib, bu sahədə həllini gözləyən problemlər və perespektivlər müzakirə edilməyib, Azərbaycan kitab sənayesinin inkişafı ilə bağlı heç bir planlama aparılmayıb. Mədəniyyət Nazirliyinin də dəstəyi ilə ümumrespublika naşirlərinin qurultayının keçirilməsinə ciddi ehtiyac var.Azərbaycan ədəbiyyatının dünyada tanıdılmasıAzərbaycan ədəbiyyatının dünya dillərində nəşri və tanıdılması üçün dəstək fondunun yaradılması, bu fondun fəaliyyətinin şəffaflığının təmini, bütün xarici nəşriyyatlara bu fondun tenderində iştirak etmək üçün demokratik şəraitin yaradılması ədəbiyyatımızın inkişafı üçün çox vacibdir. Dünyanın əksər ölkələrində bu cür şəffaf qurumlar var və ölkələrinin ədəbiyyatını təbliğ edir, tanıdırlar. Azərbaycan bir çox sahədə, xüsusən də idmanda buna ciddi şəkildə nail olub, lakin bu gün elə Azərbaycan yazıçısı yoxdur ki, təbii yolla hansısa xarici nəşriyyatla müqavilə bağlayıb qonorar alsın, kitabı çap edilsin. Bu da yazıçılarımızın stimulunu aşağı salır. Bu layihənin həyata keçirilməsi ona gətirib çıxaracaq ki, xarici naşirlər Azərbaycanlı yazıçıların əsərlərini çap etmək arzusuna düşəcək və Azərbaycan yazıçısı dünyaya çıxacaq, stimul alacaq, yaradıcılıq mühiti genişlənəcək.Nəşriyyatlara kitab alışı, yaxud illik olaraq birdəfəlik subsidiyalar formasında maddi dəstəyin verilməsiÖlkədə nəşriyyatların əsas problemi tirajla bağlıdır. Tirajın azlığı bu sahənin inkişafına mane olan və bu sahədə çalışan insanların gəlirlərinin azlığının əsas səbəbidir. Nazirlik hər nəşr olunan kitabdan müəyyən sayda, məsələn, 500 ədəd almaqla bu tiraj probleminin həllinə qismən kömək edə bilər. Ən azından nəşriyyat biləcək ki, kitab nəşr olunan kimi müəyyən zəruri xərcləri bu satış vasitəsi ilə qarşılanacaq, yükü azalacaq. Bu həm də dövləti böyük maliyyə ayıraraq öz hesabına kitab çap etdirməkdən azad edə bilər. Bu gün dövlət kitabxanalarında olmayan minlərlə kitab tərcümə sayəsində ədəbiyyatımıza qazandırılıb. Belə populyar əsərlərin dövlət kitabxanalarında olması ora gələn oxucu sayını artıra, passiv vəziyyətdə qalan bu qurumlarda canlanma yarada bilər. Kitabçılıq mətbuatın daha böyük, daha qalıcı formasıdır. Mətbuata edilən güzəştlər, dövlət dəstəyi, çox təəssüf ki, nəşriyyat sektoruna edilməyib. Keçən il bu məsələ üçün 500.000 manat ayrıldı. Sözügedən addım təqdirəlayiq olsa da, təəssüf ki, komissiyanın işi düzgün qurulmadı və xeyli neqativ halla yadda qaldı.Gənc yazıçıların yaradıcılığını stimullaşdırmaq üçün dəstəkMəlumdur ki, gənc yazıçıların əsərlərini öz hesabına nəşr edən nəşriyyat yox dərəcəsindədir. Əsas səbəb isə kitab sektorunun acınacaqlı durumda olması və kitabların satılmamasıdır. Bu da Azərbaycan ədəbiyyatına ciddi zərbə vurur, yeni yazıçılar meydana çıxmır; xüsusilə son illərdə yazıçılıq fəaliyyəti ilə məşğul olan gənclərin sayında ciddi azalmanı görmək mümkündür. Yazıçıları yaradıcılığa, nəşriyyatları isə gəncləri nəşr etməyə təşviq üçün Nazirlik tərəfindən gənc yazıçıların nəşr xərclərinin bir hissəsini qarşılamağa dəstək planı hazırlana bilər. Bu təklifi qrant layihəsi kimi təqdim etmək olar. Belə ki, müəyyən büdcə ayrıla, nəşriyyatlar qrant üçün layihə təqdim edə bilər. Layihədə müəyyən tələblərin olması isə işin düzgün təşkilinə yardım edəcək. Hər bir layihədə çap olunacaq kitabın 1000 tirajının xərci və müəllifin qonararı üçün büdcə ayrıla, redaktə, korrektə, dizayn xərclərini də nəşriyyatlar özləri qarşılaya bilər. Çapdan sonra hər bir nəşriyyatın öhdəliyi o ola bilər ki, 200 tiraj dövlət kitabxanalarına təqdim etsin. Beləcə, həm müəlliflərə normal qonorar verilə, həm nəşriyyatlar gənclərin əsərlərini çap etmək üçün maliyyə yardımı ala, həm də yeni nəşrlər dövlət kitabxanalarına göndərilə bilər. Bu da hər üç tərəf üçün böyük stimul olar. Bu layihənin təşkili və icrası üçün ANAİB olaraq istənilən yardıma hazırıq.Kitab satışına dəstəka) Daimi kitab yarmarkalarının keçirilməsi (kənd təsərrüfatı yarmarkaları kimi);Bildiyimiz kimi, ölkəmizdə kənd təsərrüfatı sahəsi ilə bağlı müəyyən olunmuş ərazilərdə hər həftə yarmarkalar keçirilir. Burda iki məqsəd var: birincisi, öz məhsulunu birbaşa alıcıya təqdim etməsi üçün kəndliyə yaradılan şərait, ikincisi isə məhsulu birbaşa təsərrüfat sahibindən alan şəhərli. Eyni konseptin kitab sahəsində də tətbiqi mümkündür. Bu da oxucunu yerində kitabla tanış etməklə yanaşı, ona istədiyi kitabı yarmarkadan endirimli qiymətə əldə etmə imkanı yaradar.Mədəbiyyət Nazirliyinin dəstəyi olarsa, hər ay ən azı bir rayonda kitab sərgisi keçirə bilərik. Qeyd edək ki, iki ildir, bu layihəni öz kiçik imkanımızla Gəncə, Lənkəran, Sumqayıt, Xırdalan və Lənkəran şəhərlərində edirik.b) Metrolarda və şəhərin müxtəlif yerlərində kitab köşklərinin yaradılması və bərpasıBu gün Azərbaycan oxucusu kitab əldə etməkdə ciddi çətinlik çəkir. Rayon və şəhərlərimizdə, demək olar, kitab mağazaları yoxdur. Dövlət kitabxanalarına yeni nəşrlər verilmir, şəhərdə isə mağazaların sayı xeyli azdır. Görünən, əl çatan yerlərdə kitab mağazaları yoxdur. Çünki kitabçılar o icarə haqqını ödəyə bilmir. Bunun üçün də Nazirlik məhz kitab köşkləri adı ilə şəhərin bir çox yerində layihə icra edə bilər. Lakin bu, hazırkı qəzet köşkləri kimi olmamalıdır – həmin köşklərdə qəzetdən başqa hər şey satılır. Ona görə də icarəhaqqı minumum olmalı və icarədarlar qarşısında müvafiq şərtlər qoyulmalıdır.c) “Kitab Mall”un yaradılmasıNazirliyin dəstəyi ilə böyük obyekt icarəyə götürüb həmin yeri nəşriyyatların potensialına uyğun bölərək hər nəşriyyatın bir mağazasını yaratmaq mümkündür. Həmin yerin cəlbedici olması üçün tərkibində “bookcafe” yaratmaq olar. Bununla nəşriyyatların öz müştəriləri ilə sıx ünsiyyətinə və oxucuların bir məkana gələrək istədiyi kitabları rahat, uyğun qiymətə əldə etməsinə nail olmaq mümkündür. Bu həm də nəşriyyatlar üçün daimi sərgi effekti yaradacaq.Şəhərin mərkəzi küçələrində Mədəniyyət Nazirliyinin balansındakı binalardan birində bütün nəşriyyatların kitablarını sərgiləməsi üçün Kitab Passajının yaradılmasına ciddi ehtiyac var. Bu cür passajın – “mall”ın yaradılmasında istifadə olunmayan binadan dövlət üçün müəyyən gəlir əldə etmək mümkündür. Bu da nəşriyyatların büdcəsindən və ya illik satışından formalaşa bilər.d) Dövlət kitabxanalarında satışın təşkili və kitab-kafelərin yaradılmasıDövlət kitabxanalarının nəzdində satışın təşkil edilməsi də faydalı olar. Bunu kollektrin əli ilə şəbəkə şəklində idarə etmək mümkündür. Bu həm kitabxanaları canlandırar, həm də onların əlavə xərclərini bu vasitə ilə qarşılaya bilər.Kitabların reklam-tanıtım işinə dəstək verilməsiBildiyiniz kimi, ölkəmizdə kitab az gəlirli sahə hesab olunur. Bunun bir səbəbi reklam strategiyasının düzgün qurulmamasıdır. Kitab sektoru reklam bazarında digər sahələrlə ayaqlaşa bilmir. Nəzərə alsaq ki, kitabçılıq sadəcə biznes sektoru deyil, həm də strateji və ideoloji məsələdir, deməli, ədəbiyyatın təbliği ilə bağlı televiziya və radiolarda silsilə verilişlərin, sosial reklamların olması dövlət üçün də vacib məsələdir. Kitabların reklamı Azərbaycan Dövlət Reklam Agentliyində sosial reklam kimi qəbul olunsa, AZTV, İTV kimi dövlət televiziyalarında kitabla bağlı veriliş, sosial çarxlar, yayımlansa, bu işə təkan vermiş olarıq.Bakı Beynəlxlaq Kitab SərgisiSərginin “Kristal Hall”da keçirilməsiBeynəlxalq kitab sərgisində dünyaca tanınmış ədiblərin Azərbaycana gəlişini təmin etmək sərginin əhəmiyyətini daha da artırar. Düşünürük ki, yazıçıların seçilməsində xarici müəlliflərlə işləyən naşirlərin fikri diqqətə alınsa və ya müəyyən nəşriyyatlara onları dəvət etmək üçün müəyyən imtiyaz verilsə, ümumi işin xeyrinə olar. Həmçinin oxucular arasında apardığımız sorğuya əsasən əksəriyyət məsafə probleminə görə sərgiyə qoşulmaqdan imtina etməli olur. Bu baxımdan builki sərginin “Kristal Hall”da keçirilməsini təklif edirik.Bundan əlavə, sərginin təşkilat komitəsində ANAİB-in də təmsil olunması, fayda verə bilər.Naşirlər Gününün təsis edilməsiNəşriyyat işi ilə məşğul olan naşir, redaktor, tərcüməçi, rəssam, dizayner, korrektor kimi peşə sahiblərinin zəhmətinin dəyərləndirilməsi üçün rəsmi olaraq Naşirlərin peşə bayramı kimi günün təsisi, bu sahə üzrə mütəxəssislərinə xüsusi adlar, dövlət mükafatlarının təqdimi ömrünü bu yola həsr edənlərə böyük stimul olar.Qeyd edək ki, “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB) ölkənin aparıcı nəşriyyatlarının iştirakı ilə 18 yanvar 2021-ci ildə nəşriyyat işlərinin nizama salınması, bu sahədə atılacaq addımların sistemli təşkilini həyata keçirmək məqsədi ilə təsis edilib. Hazırda ölkənin ən aktiv 24 nəşriyyatı ANAİB-ə üzv olub və birlik 2 ildir, genişmiqyaslı fəaliyət göstərir. Assosiasiya fəaliyyətə başladığı gündən “Bölgələrə kitabla gedirik!” layihəsi çərçivəsində ölkənin müxtəlif rayon və şəhərlərində 8 kitab sərgisi, kitab sənayesinin problemlərinin həllinə yönəlmiş ictimai görüşlər, xüsusi günlərlə bağlı tədbir və müxtəlif mövzulu ödənişli seminarlar keçirib. ANAİB-in fəaliyyətindən ümumilikdə 71.000-dən çox şəxs yararlanıb, sorğularında 2000-dən çox respondent iştirak edib.