ANAİB Türküstan Kitab Sərgisində iştirak edəcək
ANAİB İdarə Heyətinin sədri, Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq və “XAN Nəşriyyatı”nın direktoru Səbuhi Şahmursoy Qazaxıstanın ən böyük nəşriyyatı olan “Foliant”ın direktoru Nurlan İsabəyovla görüşüb.
ANAİB xəbər verir ki, görüşdə iki ölkə arasında nəşriyyat sahəsinin müqayisəli perspektivləri, eləcə də qarşılıqlı həyata keçiriləcək planlar barədə söhbətlər aparılıb. Şəmil Sadiq bildirib ki, Qazaxıstanlı oxucuların Azərbaycanlı müəlliflərlə tanışlığı mühüm məsələdir və bu istiqamətdə düşünülmüş addımlar atılmalıdır. Bunun üçün qardaş ölkələrin nəşriyyatları arasında əməkdaşlıq imkanları qurulmalı və genişlənməlidir.
Qazaxıstanın kitab çapı və nəşriyyat sahəsi barədə geniş məlumat verən Nurlan İsabəyov bildirib ki, Azərbaycan nəşriyyatları ilə əməkdaşlıq imkanlarını araşdırılır. Vurğulayıb ki, Azərbaycana gəlişinin əsas məqsədlərindən biri 26–28 noyabr tarixlərində Qazaxıstanda keçiriləcək Türküstan Kitab Sərgisinə azərbaycanlı naşirləri şəxsən dəvət etməkdir.
Görüşdə səsləndirilən təklif ANAİB rəhbərliyi tərəfindən müsbət qarşılanıb və geniş tərkiblə bu sərgidə iştirak etmək barədə qərar qəbul edilib.