III Bilik Kitab Sərgisi keçiriləcək
27.08.2025
“Zəfərin Uşaqları ilə Oxu Marafonu” layihəsi çərçivəsində 15 məktəbə 10000-dən çox “Mənim kitab daxılım” paylanıldı

Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB) tərəfindən təşkil olunan, QHT-lərə Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi “Zəfərin Uşaqları ilə Oxu Marafonu” layihəsi çərçivəsində Quba, Qusar və Xaçmaz rayonlarından olan 15 məktəbdə şagirdlərə ümumilikdə 10.000-dən çox “Mənim kitab daxılım” hədiyyə edilib.
Anaib.az xəbər verir ki, bunun üçün Quba rayonu Bayram Şıxəmirov adına Zərdabi qəsəbə tam orta ümumtəhsil məktəbində təşkil olunmuş tədbirdə Qubadan 8, Qusardan 3, Xaçmazdan 5 məktəbin nümayəndə heyəti iştirak edib. Layihə rəhbəri Şəmil Sadiq nümayəndələrə layihə barədə ətraflı məlumat verib, onları keçirilməsi nəzərdə tutulan sərgi-festivalda fəal olmağa çağırıb. Layihə kuratoru Səbuhi Şahmursoy isə “Mənim kitab daxılım”ın məqsədindən, uşaqlara verdiyi müsbət təsirdən danışıb.
Layihənin əsas məqsədi uşaqlar arasında kitab oxuma vərdişlərini gücləndirmək, mütaliəni təbliğ etmək və Zəfər ruhunu maarifləndirici şəkildə yaşatmaqdır. Paylanılan kitab daxılları məktəblilərdə fərdi oxu mühiti formalaşdırmaq, şəxsi kitabxana yaratmağa cəhd etmək, kitab sərgilərində fəal iştirakçılığı təmin etmək üçün nəzərdə tutulub.
Eyni zamanda bu daxıllar həmin məktəblilərin şagirdləri üçün 31 oktyabr – 1 və 2 noyabr tarixlərində keçiriləcək I Quba Kitab Sərgisinə rəsmi dəvətdir. Sərgi çərçivəsində məktəblilər üçün görüşlər, kitab müzakirələri, müəlliflərlə tanışlıq və müxtəlif maarifləndirici tədbirlər təşkil ediləcək.
Qeyd edək ki, “Zəfərin Uşaqları ilə Oxu Marafonu” qaliblərinin mükafatlandırılma mərasimi də sərginin ilk günü təşkil olunacaq.
Layihə Quba-Xaçmaz Regional Təhsil İdarəsi, QafqazTV, Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba Filialı, MUSİAD Azərbaycan və QİAB-ın tərəfdaşlığı, 525-ci qəzet və edebiyyat və incəsənət.az-ın isə informasiya dəstəyi ilə həyata keçirilir.