BookFest Naxçıvan Kitab Sərgisi – 2025 keçirildi
9 – 11 may tarixlərində Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyinin təşəbbüsü, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Azərbaycan Nəşriyyatlar Assosiasiyası İctimai Birliyinin (ANAİB) birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində Saat meydanında BookFest Naxçıvan Kitab Sərgisi – 2025 keçirilib. Anaib.az xəbər verir ki, festivalda 28 nəşriyyat, eləcə də tanınmış yazıçılar, şairlər, incəsənət xadimləri iştirak edib, oxucularla görüşlər, təqdimat və imza günləri keçiriblər. Bundan başqa, minlərlə kitabın endirimli satışı, müxtəlif mövzulu panel-müzakirələr baş tutub. Festivalın açılış mərasimində Azərbaycan Respublikasının Prezidentinin Naxçıvandakı səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev, ANAİB sədri Şəmil Sadiq, rejissor Tahir Tahiroviç, şair Rüstəm Behrudi, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu iştirak edib, stendlərə birgə baxış keçiriblər. Sərgidə yazıçılar Rövşən Abdullaoğlu, Elxan Elatlı, Seymur İlyasov, İradə Qədirova, Zaur Bayramoğlu, şair Aqşin Yenisey, təlimçilər Orxan Şahbaz, Rəşad İbrahimov da qatılıblar. Üç gün davam edən festivalın ilk günü – mayın 9-u Qələbə Gününə, mayın 10-u isə Ümummilli Lider Heydər Əliyevin andan olmasının 102 illiyinə həsr edilib. Festival çərçivəsində konsert proqramı və atəşfəşanlıq baş tutub.