IV Uşaq Kitab Festivalına yekun vuruldu
10 – 13 aprel tarixlərində Bakı İdman Sarayında IV Uşaq Kitab Festivalı keçirilib. “Azərbaycan Nəşriyyatlar Assosiasiyası” İctimai Birliyindən (ANAİB) verilən məlumata görə, festivalın təşkilatçıları Mədəniyyət, Gənclər və İdman nazirlikləri, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ANAİB, sponsoru isə Expressbankdır. Festivala ANAİB üzvü olan nəşriyyatlarla yanaşı, digər nəşriyyatlar da qoşulublar. Tədbirə 30-dan çox nəşriyyat öz xüsusi stendi ilə qatılıb. Minlərlə kitab 90 %-dək endirimlə təklif olunub.Açılış mərasimində ANAİB sədri Şəmil Sadiq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Bahar Muradova, deputatlar Elnarə Akimova və Mehriban Vəliyeva, Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli, layihənin rəhbəri Fatimə Alxaz, Expressbankın ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Raziyə Axundzadə çıxış edib, bu kimi festivalların ölkə kitabçılığına verdiyi töhfələrdən söz açıblar. Açılış mərasimindən sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Bahar Muradova, Gənclər və İdman Nazirliyinin Tələbələrlə iş üzrə sektor müdiri Elnur Abdullayev, Mədəniyyət Nazirliyinin əməkdaşı Xəyal Məmmədov, Expressbankın ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Raziyə Axundzadə festivalın təşkilində göstərdikləri köməyə görə təltifnamə ilə mükafatlandırılıblar. Festival çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun, “Fazzi: Oyanış” kitabının təqdimat mərasimi də baş tutub. Bundan başqa, festivalda tanınmış şəxslər, eləcə də dövlət rəsmiləri də iştirak ediblər. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, akademik Rafiq Əliyev, deputat Ceyhun Məmmədov, professor Qulu Məhərrəmli, uşaq yazıçısı Zahid Xəlil və başqaları sərgi ilə tanış olub, nəşriyyatların stendlərini gəziblər. Tanınmış ədiblərin təqdimat mərasimləri, imza günləri, məşhurlarla görüşlər, şeir saatları, uşaqlar üçün nağıl və əyləncə saatları təşkil edilib. Festivalda uşaqlar üçün intellektual master-klaslar, əyləncəli müsabiqələr, oxu saatları və səhnəciklər təşkil olunacaq.Festivalı digər festival və sərgilərdən fərqləndirən cəhət 3 tematik günün olmasıdır. Belə ki, aprelin 11-i festival çərçivəsində Milli Geyimlər Günü elan edilib. Məqsəd uşaqlara Azərbaycanın milli geyimlərini tanıtmaq, onlara milli dəyərləri aşılamaq və mədəni irsimizi yaşatmaqdır. Aprelin 12-si Peşələr Günü olacaq. Məqsəd müxtəlif peşələrin önəmini vurğulamaq, uşaqları müxtəlif sahələrlə tanış etmək və bu sahələrə maraq yaratmaqdır. Aprelin 13-ü Mənim Nağıl Qəhrəmanım Günüdür. Məqsəd uşaqlara müsbət xüsusiyyətlər aşılamaq, onların fantaziyasının genişlənməyinə dəstək olmaqdır. Əlavə məlumat üçün qeyd edək ki, 4 gün davam edən festivalı 52.000 nəfər ziyarət edib.