III Gəncə Kitab Sərgisi keçirildi
6 – 8 dekabr tarixlərində “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB), Mədəniyyət Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə İctimai İştirakçılıq Məclisinin birgə təşkilatçılığı ilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban mərkəzində III Gəncə Kitab Sərgisi keçirilib. ANAİB xəbər verir ki, “Nizami yurduna kitabla gəlirik!” şüarı altında baş tutan sərgidə 30-dan çox tanınmış nəşriyyat iştirak edib.Açılış mərasimində ANAİB idarə heyətinin sədri Şəmil Sadiq, Gəncə şəhər icra hakiminin müavini Adil Tağıyev, Təhsilin İnkişafı fondunun sədri Elnur Nəsibov, Azərbaycan Ədəbiyyat Fondunun rəhbəri, yazıçı Varis, Gəncə İctimai İştirakçılıq Məclisinin rəhbəri Müzadil Həsənov və ANAİB idarə heyətinin üzvü və Gəncə Kitab Sərgisinin təşkilat komitəsinin rəhbəri Mübariz Həsənov çıxış ediblər. Çıxışçılar bölgələrdə bu kimi tədbirlərin keçirilməsinin müsbət tərəflərindən bəhs edib, gələcəkdə daha mütəşəkkil formaya salınmasının vacibliyini vurğulayıblar.Sərgidə azıçılar Şəmil Sadiq, Varis, Elxan Elatlı, Rövşən Abdullaoğlu, Orxan Bəyov, Mahir Hüseynov, Siyavuş Quliyev, Elgüsel, Çinarə Köçərli, tarixçilər Mehdi Gəncəli, Əkbər N.Nəcəf, təlimçilər İlqar Hümbətov, Orxan Şahbaz və müğənni Röyal Musanın iştirakı ilə müxtəlif panellər, təqdimatlar, imza günləri, şeir gecələri, uşaqlar üçün nağıl saatları, master-klaslar və musiqili proqram təşkil olunub. Sərginin ilk günü kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov da sərgini ziyarət ediblər. Ziyalılar, ədiblər, naşirlər, ictimaiyyət nümayəndələri və media mənsublarının qatıldığı sərgidə 90 %-dək endirimlər tətbiq olunub. Qeyd edək ki, sərginin baş sponsorları “DNK hospital”, “Oksi Group”, sponsorları isə Bani seminariyası, “Hedef Group”, “166” yükdaşıma və logistika şirkətidir.